Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir Ü.Sadıxova/
İsrail ümid edir ki, ABŞ-ın vasitəçiliyi ilə fələstinlilərlə birbaşa danışıqlar fevralın sonuna kimi bərpa ediləcək. Bunu İsrailin xarici işlər naziri Aviqdor Liberman cümə axşamı Bakıda deyib.
"İki ölkə arasında birbaşa danışıqların alternativi mövcud deyil və biz hesab edirik ki, birbaşa danışıqlara mümkün qədər tez başlamaq lazımdır", - Liberman Azərbaycan KİV-nə verdiyi müsahibəsində deyib.
Fələsinlilər və israillilər arasındakı danışıqlar 2008-ci ilin yayında İsrailin Qəzza sektorunun mühasirəyə alınmasından və Qəzza sektorunda Fələstin döyüşçülərinin raket atmalarına cavab olaraq keçirdiyi "Əridilmiş qurğuşun" hərbi əməliyyatından sonra faktiki olaraq dayanıb. Qəzza sektorunda 2008-ci ilin dekabr ayı və 2009-cu ilin yanvar ayında hərbi əməliyyatlar nəticəsində 1400-ə yaxın fələstinli və 13 israilli həlak olub.
O vaxtdan bəri Yaxın Şərq kvartetinin vasitəçiləri daxil olmaqla, dünya ictimaiyyətinin və regionun aparıcı politoloqlarının danışıqlar prosesini bərpa etmək cəhdləri uğursuz olub.
Sülh prosesindəki əsas vasitəçi Vaşinqton tərəflərə sülh sazişini təkrar işə salacaq birbaşa olmayan danışıqlara başlamağı təklif etmişdi.
Fələstin administrasiyası İsrail, İordan çayının qərb sahillərində və fələstinlilərin gələcək dövlətlərinin paytaxtı olaraq gördükləri Şərqi Qüdsdə yəhudi qəsəbələrini inşasına son qomadıqca onlarla danışıqlar stoluna əyləşməkdən imtina edib.
Libermanın sözlərinə görə, İsrail ümidvardır ki, ABŞ-ın Yaxın Şərqdə xüsusi nümayəndəsi Corc Mitçelin vasitəçiliyi ilə birbaşa olmayan danışıqlara fevralın sonunda başlanacaq və bir ay müddətində Fələstin administrasiyası ilə birbaşa danışıqlar bərpa ediləcək.
"İsrail bütün sülh sazişlərinə, xüsusilə də öz yaxın qonşuları Misir və İordaniya ilə razılığa birbaşa danışıqlar yolu ilə nail olub", - XİN rəhbəri deyib.