İran XİN-in müşaviri və İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri Çin Xalq Respublikasına səfir təyin olunub. Bu barədə "Mehr" agentliyi məlumat verir.
"Səfəri səfir vəzifəsinə təsdiq üçün prosedurlardan keçməlidir, buna görə də o, səfir vəzifəsini icra edənədək İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək", - İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst Tehrandan telefon vasitəsilə Trend -a deyib.
Mehmanpərəst zəruri prosedurların keçirilməsinin nə qədər çəkəcəyi barədə bildirməyib, lakin qeyd edib ki, Səfəri vəzifəsinin icrasına 2011-ci ilin 26 yanvarından (Çin təqvimi ilə Yeni il) başlayacaq. O, həmçinin, əlavə edib ki, Xəzər məsələləri üzrə xüsusi nümayəndə postuna namizədlər hələ seçilməyib.
İki il əvvəl İranın Çindəki səfiri vəzifəsini Cavad Mənsuri icra edib və onun gedişindən sonra yeni səfir təyin olunmamışdı.