Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların icrası prosesində qanunvericilik Avropa Konvensiyasına və president hüququna uyğunlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə günü Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Azərbaycanda hüquqi dövlət quruculuğunun, hüquqşünas kadrların hazırlanmasının və hüquq elminin inkişafının aktual problemləri" mövzusunda keçirilmiş beynəlxalq konfransdakı çıxışında bildirib.
"Avropa Məhkəməsinin qərarlarının icrası qanunvericilik və onun tətbiqində müəyyən dəyişikliklərə əsas verir", - Ələsgərov vurğulayıb.
PA rəsmisi bildirib ki, Avropa Məhkəməsinin qərarlarında konkret hüquq pozuntusu ilə əlaqədar kompensasiyanın ödənilməsi, milli qanunvericilikdə və təcrübədə müəyyən boşluq və çatışmazlıqların aradan qaldırılması müəyyən edilir.
Ələsgərov milli qanunvericilikdəki boşluqalrın və uyğunsuzluğun aradan qaldırılması ilə bağlı konkret işlər görüldüyünü deyib.
Avropa Məhkəməsi ilə kommunikasiya mərhələsində cəzaçəkmə müəssisələrində məhkumların vəkilləri ilə yazışmalarına dair qanunvericiliyin müddəası Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququna uyğunlaşdırılıb.
Əvvəllər məhkum tərəfindən alınan və göndərilən məktublar mütləq senzuradan keçirilirdisə, dəyişikliklərdən sonra yalnız bir halda - hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini, cəzanın çəkilmə qaydasını və şəxslərin həyati təhlükəsizliyini təmin etmək məqsədilə məhkumun yazışmaları senzuradan keçirilə bilər.
Azərbaycan 2002-ci ildən Avropa Məhkəməsinin yuridiksiyasına daxil olub. İndiyədək Avropa Məhkəməsində Azərbaycana qarşı 24 qərar qəbul olunub.