İran 1 ton uranı mübadilə etməyə razıdır - İranın Atom Enerjisi Təşkilatının sədri

Dünya xəbərləri Materials 13 Aprel 2010 15:10 (UTC +04:00)

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, Tehran reaktoruna lazim olan yanacağı təmin etmək üçün 1 ton 3.5 faizlik uranı 100 kiloqramlıq 20 faizlik uranla mübadilə etməyə hazırıq, lakin bu mübadilə üçün əməldə zəmanət verilməlidir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Salehi deyib ki, biz Qərb ölkələrinə inanmırıq və onlar öz etibarlarını bizim yanımızda itiriblər. "31 ildir, İran Fransaya 50 ton uran zənginləşdirmək məqsədilə təhvil verib və indiyədək həmin uran zənginləşdirilərək İrana qaytarılmayıb. Eləcə də ABŞ Tehran reaktoruna lazım olan yanacağı bizə təhvil verməli idi, həmin yanacağın təhvil verilməsinə dair vəsaiti də alıb, lakin nə pulu qaytarır və nə də yanacağı bizə təhvil verir", - deyə Salehi deyib.

Salehi əlavə edib ki, bu etimadsızlıq və inamsızlıq bizi məcbur edir ki, onlardan əməldə zəmanət istəyək, verəcəyimiz yanacağın müqabilində 20 faizlik yanacaq alacağımıza əmin olaq.

Salehi deyib ki, uranın mübadiləsi ilə bağlı problem yoxdur -  biz MAQATE-yə mübadilə ilə bağlı təklif vermişik və MAQATE qəbul edib. "Yeni təklifə əsasən, biz İran ərazisində MAQATE-yə 1 ton 3.5 faizlik uran təhvil verəcəyik , onlar onu plomblayacaq və biz 20 faizlik zənginləşdirilmiş uranı təhvil alanadək öz ixtiyarlarında saxlayacaqlar", - deyə Salehi deyib.

Qərb tələb edir ki, İran "Tehran" nüvə laboratoriyası reaktorunun yanacaqla təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.

"Tehran" laboratoriyasında reaktor 40 il bundan əvvəl ABŞ tərəfindən tikilib və əsas funksiyası dərmanların istehsalı ilə məşğul olmaqdır. Sonuncu dəfə 1993-cü ildə İran Argentinadan 30 kq 19,75 faiz zənginləşdirilmiş uran almaqla, bu reaktoru yanacaqla təmin edib.

ABŞ və Qərb İranı nüvə silahı yaratmağa çalışmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsindən məqsədin nüvə elektrik stansiyalarını yanacaqla təmin etmək olduğunu bildirib. 2006-cı ildə İranın nüvə proqramı MAQATE Hakimlər Şurasından BMT Təhlükəsizlik Şurasına göndərilib və bu şura İranın nüvə proqramını dayandırmaq üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin üçündə İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti