...

İranda ailə qurmamış ali təhsilli qızların sayı üç dəfə artıb

Dünya xəbərləri Materials 11 May 2010 15:58 (UTC +04:00)
İranda son 10 ildə ali təhsilli qadınların arasında ailə qurmayanların sayı artıb.
İranda ailə qurmamış ali təhsilli qızların sayı üç dəfə artıb

Azərbaycan, Bakı, 11 may /Trend/

İranda son 10 ildə ali təhsilli qadınların arasında ailə qurmayanların sayı artıb.

İranın Qadınların İctimai-Mədəni Şurasının statistika mərkəzinin sədr müavini xanım Nahid Rampənahi bildirib ki, ötən 10 il ərzində ali təhsilli evlənməmiş qadınların statistikası aparılıb və məlum olub ki, ailə qurmayan ali təhsilli qadınların sayı 5 faizdən 16 faizə çatıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Rampənahi deyib ki, İranda bu tendensiya orta təhsilli qızlar arasında da müşahidə edilir. Belə ki, ailə qurmayan qızların sayı bu müddət ərzində 26 faizdən 42 faizə yüksəlib.

Onun sözlərinə görə, statistika göstərir ki, ölkədə qadınlara təhsil almaq imkanının yaradılması onların ailə qurmağa marağının azalmasına səbəb olub.

Rampənahi əlavə edib ki, hazırkı statistika ilə 10 il bundan əvvəlki statistikanın müqayisəsi göstərir ki, qadınların ali təhsil almaları boşanmaların sayının azalmasına təsir etməyib.

"Kişi və qadınların təhsil səviyyəsi artdıqca, bir o qədər də boşanmaların sayı artıb", - Rampənahi deyib.

Rampənahi problemin həlli məqsədilə ailə quran kişi və qadın arasında yaş fərqinin azaldılmasını təklif edir.

Onun sözlərinə görə, ölkədə ailə qurmamış 15-34 yaş həddində olan qadın və kişilərin sayı göstərir ki, subay kişilər subay qadınlardan 2 milyon 600 min nəfər çoxdur.

"15-29 yaşlı ailə qurmamış qadınların və 20-34 yaşlı kişilərin sayı müqayisə edildikdə, qadınların sayının 1 milyon 300 min nəfər üstünlük təşkil etdiyi görünür. Problemin həlli məqsədilə ailə quran qadın və kişilər arasında yaş fərqi azaldılmalıdır", - Rampənahi deyib.

Xəbər lenti

Xəbər lenti