...

Türkiyə İsraili diplomatik münasibətləri pozmaqla hədələyib

Dünya xəbərləri Materials 5 İyul 2010 13:24 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, əgər İsrail doqquz türkün ölümü ilə nəticələnən humanitar donanmaya hücuma görə üzr istəməsə və beynəlxalq komissiyanın təhqiqat aparmasına razı olmasa, Ankara bu ölkə ilə diplomatik münasibətləri pozacaq, - bu barədə Türkiyənin "Hürriyyət" qəzeti yazıb.

"İsrail ya üzr istəyəcək və beynəlxalq təhqiqatın aparılmasına razı olaraq onun rəyini qəbul edəcək, ya da biz diplomatik münasibətlərimizi pozacağıq", - Davudoğlu İsrailin ticarət naziri Benyamin Ben-Elizerlə ötən həftə gizli keçirilən görüşlə bağlı jurnalistin sualına cavab verərkən bildirib.

Türkiyə və İsrail arasında münasibətlər mayın 31-də İsrail Hərbi Dəniz Qüvvələrinin Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq donanması"na etdiyi basqından sonra kəskin şəkildə pisləşib. Basqın nəticəsində 9 nəfər, o cümlədən, 8 türk və 1 ABŞ vətəndaşı həlak olub, 19 nəfər isə yaralanıb. Buna cavab olaraq, Türkiyə Parlamenti hökumətdən İsraillə münasibətlərə yenidən baxmağı tələb edib.

"Türkiyənin hava məkanı İsrail hərbi təyyarələri üçün bağlıdır. Qadağa hadisədən-hadisəyə tətbiq edilmir. O, daim qüvvədə olur", - Davudoğlu vurğulayıb.

İsrail Baş naziri Benyamin Netanyahu üzr istəməkdən imtina edərək bəyan edib ki, İsrail əsgərləri özlərini fələstinyönlü fəallardan qoruyublar.

Xəbər lenti

Xəbər lenti