...

İsrailin BMT komissiyası ilə əməkdaşlıq etmək qərarı bütün ölkələrin beynəlxalq hüquqa hesabat verməli olduğunu göstərir – Türkiyə XİN başçısı

Dünya xəbərləri Materials 3 Avqust 2010 11:08 (UTC +04:00)

İsrailin "Azadlıq donanması"na hücumun araşdırılması üzrə BMT komissiyası ilə əməkdaşlıq etmək qərarı bütün ölkələrin beynəlxalq hüquqa hesabat verməli olduğunu göstərir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Anadolu agentliyinə müsahibəsində bildirib.

Qəzza sektorunun blokadasını yararaq humanitar yardım və hüquq müdafiəçilərindən ibarət nümayəndə heyəti ilə yürüş edən "Azadlıq donanması" mayın 31-də gecə Aralıq dənizində İsrail HDQ tərəfindən ələ keçirilib. Əməliyyat zamanı yürüşün milliyyətcə türk olan doqquz iştirakçısı həlak olub, onlarca adam yaralanıb, yüzlərlə insan həbs edilib, sonradan deportasiya olunub. Fələstinliləri müdafiə edən fəalların sərt müqaviməti ilə üzləşən yeddi israilli "komandos" da yaralanıb.

Bazar ertəsi BMT-nin Baş katibi Pan Gi Mun "Azadlıq donanması" ilə baş vermiş insidentin araşdırılması üzrə dörd nəfərdən ibarət komissiyanın yaradıldığını elan edib.

Bundan əvvəl "Kol Usrael" radiosu İsrailin "Azadlıq donanması" ilə baş vermiş insidentin beynəlxalq araşdırılmasına razılıq verdiyini xəbər verib. İndiyədək İsrail hakimiyyəti istintaqın beynəlmiləlləşdirilməsi barədə çağırışları rədd edir və onu müstəqil şəkildə aparmağa üstünlük verirdi.

"Biz BMT komissiyasının obyektiv olacağına, cəld işləyəcəyinə və hərtərəfli araşdırma aparacağına əminik", - Davudoğlu deyib.

Nazirin sözlərinə görə, komissiya avqustun 10-dan işə başlayacaq və işlərin gedişi haqda ilk hesabatını sentyabrın 15-də təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti