Bazar ertəsi İranın cənub-şərqindəki Sistan və Bəluçistan əyalətində "Cundullah" qruplaşmasının 11 üzvü edam olunub. Bu barədə yerli ədliyyə idarəsinin rəhbəri İbrahim Həmidi bildirib. Xəbəri İRNA agentliyinə istinadən Press TV yayıb.
"Cundullah" qruplaşmasına məxsus və son bir neçə ayda əyalətdə [Sistan və Bəluçistan] baş vermiş partlayışlarda və günahsız adamların ölümündə müqəssir olan 11 şəxs Zahidan həbsxanasında dar ağacından asılmaqla edam olunublar", - Həmidi bildirib.
Dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın vəfatının ilönümü ilə əlaqədar məscidə gələn 38 nəfər ölüb, 50 nəfər yaralanıb. Daha bir nəfər xəstəxanada vəfat edib. Terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.
2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27-yə çatıb, 270 nəfər yaralanıb. Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Təşkilatın üzərinə götürdüyü terror aktlarından biri 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50-yə yaxın insanın həyatına son qoyan partlayış olub.
Sistan və Bəluçistan əyalətində əhalinin əksəriyyətini sünnilər (islamda nisbətən daha çoysaylı cərəyanın ardıcılları) təşkil edir. İranda sünnilər azlıq təşkil edir.