"Ümid" peykinin yeni nəsli bütün sınaqlardan keçib və orbitə buraxılmaq üçün İranın Aerokosmik Təşkilatına təhvil verilib. Yeni nəsil peykin adı "Fəcr"dir. Bu sözləri İranın "Elektronika sənayesi" şirkətinin direktoru İbrahim Mahmudzadə deyib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Mahmudzadə bildirib ki, peyk orbitdə bir il yarım qalacaq. "Fəcr" peykində ölkə daxilində istehsal olunmuş GPS sistemi quraşdırılıb və bu yeni nailiyyətdir. Bu nailiyyət vasitəsilə peyk istehsalında yeni potensial yarana bilər", - Mahmudzadə deyib.
Onun sözlərinə görə, peykin göndərəcəyi şəkillərdən hidrometeorologiya və xəritəçəkmə sahəsində istifadə etmək olar.
İran istehsalı olan ilk "Ümid" peyki 2009-cu il fevralın 3-də "Səfir" raketdaşıyıcısı ilə orbitə buraxılıb. Həmin hadisə fevralın əvvəlində İranda İslam İnqlabının 30-cu ildönümünün qeyd edilməsi ilə eyni vaxta salınıb. 2010-cu ildə də İran ilk dəfə olaraq orbitə canlı orqanizmi fevralın əvvəlində göndərib.