Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir T.Cəfərov /
"Buşəhr" atom elektrik stansiyası 2012-ci ilin fevralında Fəcr ongünlüyü bayramı (İslam inqilabının ildönümü) zamanı tam gücü ilə fəaliyyət göstərəcək. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi deyib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.
"İki gün öncədən "Buşəhr" AES 750 meqavat enerji istehsal etməyə başlayıb və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti ilə ekspertlər AES-də təkmilləşdirmə işləri görürlər. 2012-ci ilin fevralında Fəcr ongünlüyü bayramı zamanı AES-in 1000 meqavat enerjisi ölkənin elektrik şəbəkəsinə qoşulacaq", - Abbasi bildirib.
O, həmçinin Yəzd əyalətinin Ərdəkan şəhəri yaxınlığında uran emalı zavodunun tikilməkdə olduğunu vurğulayıb və deyib ki, İranın nüvə alimləri uranın 20% zənginləşdirilməsi texnologiyasını əldə ediblər.
İranın "Buşəhr" atom elektrik stansiyasının reaktoruna nüvə yanacağının yerləşdirilməsi 2011-cu ilin may ayında həyata keçirilib. Stansiya mayın 8-də işə salınsa da, iki aydan sonra enerji şəbəkəsinə qoşulub. "Buşəhr" AES ildə 1000 meqavat enerji istehsal edəcək.
Bu stansiyanın tikintisini 1995-ci ildə Tehranda İran və Rusiya arasında imzalanmış müqaviləyə əsasən, Rusiyanın "Atomstroyeksport" şirkəti aparır. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. "Buşəhr" nüvə stansiyasında işlər 1999-cu il yanvarın 8-nə kimi tamamlanmalı idi.
ABŞ və bir sıra Qərb ölkələri İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırılar. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, onun nüvə proqramı istisnasız olaraq ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilib.