Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Tariverdiyeva/
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nümayəndələri tərəfindən ərəb dövlətinin xüsusi xidmət orqanına işləyən casus İran Prezidenti Mahmud Əhmədinejadın helikopteri yaxınlığında həbs edilib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi İİKK İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən yayılan bəyanata istinadən xəbər verir.
"İstintaq zamanı həbs olunan şəxs ərəb dövlətlərinin vətəndaşları ilə əlaqəsi olduğunu və onlara məxfi məlumatlar ötürdüyünü etiraf edib", - bəyanatda deyilir.
Məlumatda qeyd edildiyi kimi, casusdan məlumat ötürülməsi üçün xüsusi aparat götürülüb.
İİKK-in məlumatında o da bildirilir ki, casus Prezident Mahmud Əhmədinejadın helikopterinin endiyi mühafizə olunan əraziyə onun İranın şimal-şərq vilayətindəki Səbzəvar şəhərinə bu yaxınlardakı səfəri zamanı soxulub.
İranın xüsusi xidmət orqanları habelə döyüş sursatı, silah, telekommunikasiya vasitələri və avadanlıqların saxlandığı gizli yeri də aşkar ediblər.
Ötən il İranın xüsusi xidmət orqanları ABŞ və İsrail kəşfiyyatına işləməkdə ittiham olunan 40-dan çox adamı həbs ediblər.