...

Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Dünya xəbərləri Materials 28 Noyabr 2022 22:47 (UTC +04:00)
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Bakı. Trend:

Türkiyə YPG/PKK terror qruplaşmasının son silahlısı zərərsizləşdirilənə qədər bu terror təşkilatı ilə mübarizəni davam etdirəcək.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.

"Türkiyənin cənub sərhədləri boyu həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır itkilər verən terror təşkilatı sərhədlərimizdəki yaşayış məntəqələrinə minaatanlardan atəş açaraq günahsız insanların qanını tökərək öz alçaq üzünü göstərdi. Qaziantep vilayətinin Karkamış sərhəd bölgəsinə təşkil edilən hücumda 5 yaşlı uşaq və 22 yaşlı müəllimi qətlə yetirən terror təşkilatını son silahlısı zərərsizləşdirilənə qədər məhv etmək əzmimizi bir daha təsdiqləyirik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonası yaratmaqda qərarlıdır.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara öz sərhədlərini qorumaq üçün heç kimdən icazə almaq fikrində deyil. "Vətənimizin, xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atmaqda heç kimdən icazə almağa ehtiyac duymuruq və heç kim qarşısında hesabat verməyəcəyik", - deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan Suriyanın şimalında PYD və YPG adları arxasında gizlənən, həmçinin özlərini “Suriya Demokratik Qüvvələri” adlandıran PKK terrorçularına bir sıra ölkələrin dəstəyinin yolverilməz olduğunu diqqətə çatdırıb.

R.T.Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin İraqın və Suriyanın şimalında terrorçuların hədəflərinə endirdiyi zərbələrə də münasibət bildirib. "Türkiyənin təhlükəsizliyin və sülhün möhkəmləndirilməsinə yönəlmiş hərbi əməliyyatları heç kəsi narahat etməməlidir", - deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti