Bakı. Trend:
İskəndərun limanında daha əvvəl nəzarət altına yanğın yenidən başlayıb.
Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.
"Axşam saatlarında İskəndərunda yanğın nəzarət altına alınsa da, bir müddət əvvəl yenidən başlayıb. Yanğınsöndürmə işləri davam edir. Yanğının söndürülməsində gəmilər də iştirak edir", - deyə nazir bildirib.
Qeyd edək ki, mərkəzləri Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlər zamanı naməlum səbəbdən İskəndərun limanında konteynerlərdəki ötən gün gecədən başlayan yanğın gün boyu davam edib.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə xəsarət alıb.