Bakı. Trend:
Türkiyənin Kahramanmaraş bölgəsində baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı yeni görüntülər yayılıb.
Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Yolu, bir evi və dayanmış iki avtomobilin düşdüyü təhlükəsizlik kamerası zəlzələ anını saniyə-saniyə qeyd edib. Görüntüdə maşınların və yolun zəlzələnin təsiri ilə silkələnməsi müşahidə edilir. Hətta həmin anları lentə alan kamera da bir müddət sonra zəlzələyə tab gətirə bilməyib sıradan çıxıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində dəhşətli dağıntılara səbəb olub.
Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 18 342-ə, yaralıların sayı isə 74 242 nəfərə çatıb.