Bakı. Trend:
İspaniyanın baş naziri Pedro Sançes ABŞ prezidenti Co Baydenin dəvəti ilə may ayında Vaşinqtona səfər edəcək.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
"Baş nazir Ağ Evdə görüşəcəyi ABŞ prezidenti Co Baydenin dəvəti ilə mayın 12-də Vaşinqtona səfər edəcək. Səfər İspaniya və ABŞ, iki dost tərəfdaş ölkə və müttəfiqlər arasında mövcud olan yaxın münasibətləri dərinləşdirəcək", - deyə açıqlamada bildirilir.
Qeyd edilib ki, Sançes və Bayden "transatlantik əlaqəyə sadiqliklərini və Ukraynaya güclü dəstəyi bir daha təsdiqləyəcəklər".
"Onlar həmçinin Latın Amerikası və Karib hövzəsində əməkdaşlığın gücləndirilməsində hər iki tərəfin səmimi maraqlarını, habelə fövqəladə iqlim vəziyyəti, demokratiya və beynəlxalq nizamın müdafiəsi kimi qlobal çağırışlarla birgə necə mübarizə aparmağı nəzərdən keçirəcəklər", - deyə açıqlamada bildirilir.
Bundan əlavə, Sançes və Bayden Aİ Şurasının gələcək sədri kimi İspaniyanın mövqeyini müzakirə edəcəklər. Madridin sədrliyi iyulun 1-dən başlayır.