Bakı. Trend:
Türk Aerokosmik Sənayesinin unikal layihəsi olan GÖKBEY tezliklə Türkiyə Jandarm Baş Komandanlığına təhvil veriləcək.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, GÖKBEY ümumi təyinatlı helikopterin sınaq və sertifikatlaşdırma fəaliyyətləri uğurla davam edərkən, sürət və hündürlük testləri də son zamanlarda həyata keçirilib.
Helikopter 700 uçuş saatını tamamlayaraq ilk missiyasına hazırlaşır.
GÖKBEY ilk dəfə 20 min fut maksimum xidmət hündürlüyünə çataraq testi müvəffəqiyyətlə tamamlayıb.
Mühərrikin performans testləri tamamlanıb və bir saat davam edən sınaqlarda GÖKBEY helikopteri hündürlükdə həm əkiz, həm də tək mühərriklə uçub. Beləliklə, mühüm təhlükəsiz uçuş tələbi uğurla yerinə yetirilib.
Helikopterin hərbi versiyaları, hərbi sertifikatlaşdırma və kvalifikasiya proseslərindən sonra istifadəçilərə çatdırılacaq və üç ədəd GÖKBEY tezliklə Türkiyə Jandarm Baş Komandanlığına təhvil veriləcək.
Qeyd edək ki, 2013-cü ildə Türkiyə Silahlı Qüvvələrinin və digər qurumların ümumi təyinatlı helikopter ehtiyaclarını ödəmək üçün Unikal Helikopter Proqramı Sazişi imzalanıb. Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə Türk Aerokosmik Sənayesi arasında imzalanan müqavilə çərçivəsində hazırlanan GÖKBEY helikopteri, ilk uçuşunu 6 sentyabr 2018-ci ildə edib.
GÖKBEY 19 aprel 2023-cü ildə TEI tərəfindən milli imkanlarla inkişaf etdirilən və istehsal edilən TS1400 turboşaft mühərrikləri ilə ilk sınaq uçuşunu uğurla başa vurub.
Məlumat üçün bildirək ki, GÖKBEY, geniş missiyaları sayəsində daşıma, VİP, yük, hava təcili yardımı, axtarış-xilasetmə və dəniz nəqliyyatı vəzifələrini yerinə yetirə biləcək.