...

İran İsraillə gərginliyə getmək niyyətində deyil – Abdullahian

Dünya xəbərləri Materials 20 Aprel 2024 11:46 (UTC +04:00)
İran İsraillə gərginliyə getmək niyyətində deyil – Abdullahian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail tərəfi yeni addım atmadığı halda, İran İsraillə gərginliyə getmək niyyətində deyil.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, lakin İsrail İranın mənafeyinə qarşı addım atarsa, İranın növbəti cavabı dərhal və maksimum şəkildə olacaq.

İranlı nazir 19 aprel gecə saatlarında İsrailin İrana hücum etməsi ilə əlaqədar yayılan xəbərlərə cavab olaraq bildirib ki, ötən gecə baş verən hadisədə heç bir hücum yox idi.

"İsfahan şəhərində vurulan kvadrokopterlər elə şəhərin özündən havaya qaldırılıb. Bu kvadrokopterlər oyuncaq həddində idi. Həmin kvadrokopterlərdən İranda uşaqlar istifadə edirlər.

İranın İsrailə raket və PUA hücumuna gəldikdə, İran sadəcə xəbərdarlıq etmək istəyirdi. İran Hayfa, Təl-Əvivi, İsrailin bütün limanlarını vura bilərdi. Lakin İran Dəməşqdəki səfirlik binasına hücumda istifadə olunan iki hərbi bazanı hədəf aldı. İran öz mənafeyi və milli təhlükəsizliyini müdafiə etmək üçün iradəyə sahib olduğunu dünyaya nümayiş etdirmək istəyirdi”, - deyə o qeyd edib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilib. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Əlavə edək ki, 19 apreldə İran tərəfi bildirib ki, yerli vaxtla təxminən 03:00-da pilotsuz uçuş aparatları İsfahan üzərində müşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işə salınıb və "onları göydə məhv edib".

Xəbər lenti

Xəbər lenti