Bakı. Trend:
Cənubi Afrika Respublikası (CAR) hakimiyyəti ölkənin şərqindəki fermalardan birində miqrasiya qaydalarını pozduqları və qanunsuz döyüş təlimi keçmək şübhəsi ilə həbs edilən 95 Liviya vətəndaşını ölkədən deportasiya etmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə Cənubi Afrika Respublikasının Daxili İşlər Nazirliyi xəbər verib.
"95 liviyalının deportasiyasına dair qərar verildi, onlar Liviya hökuməti tərəfindən ödənilən uçuşla Mpumalanga Beynəlxalq Hava Limanı vasitəsilə Cənubi Afrikanı tərk etməlidirlər", - deyə nazirlik bildirib. Benqazi şəhərinə uçan təyyarənin günün sonuna qədər havaya qalxması planlaşdırılır.
Qeyd edək ki, Avqustun 15-də CAR məhkəməsi prokurorluğun xahişi ilə keçən ay hərbi təlim düşərgəsinə çevrilən ferma ərazisində saxlanılan 95 Liviya vətəndaşına qarşı bütün ittihamları ləğv edib. Onlar miqrasiya qanunlarını pozmaqda ittiham olunublar.