Daşkənd. Trend:
Yerli vaxtla saat 13:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 47,62% təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası xəbər verib.
O cümlədən, 19,9 milyon vətəndaşın səsvermədə iştirakı gözlənilir, onlardan 9,4 milyonu saat 13:00-a artıq seçkilərdə səs verib.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlament) Qanunvericilik Palatası və yerli şuralara deputat seçkiləri keçirilir.
Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkin nəticələr oktyabrın 28-də elan olunacaq.
Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.