Bakı. Trend:
İsveç Miqrasiya Xidməti, Suriyalı qaçqınlara sığınacaq verilməsi və Suriyaya deportasiya ilə bağlı bütün qərarların icrasını müvəqqəti olaraq dayandırdığını açıqlayıb.
Trend xəbər verir ki, bu qərarın əsas səbəbi *Bəşər Əsədin prezidentlikdən istefa verməsi, ölkəni tərk etməsi, Rusiyadan sığınacaq alması və üsyançıların Suriyada nəzarəti ələ keçirməsindən sonra baş verən dəyişikliklərlə bağlıdır.
İsveçin miqrasiya naziri Yohan Forssell, son hadisələrdən sonra
yeni qaçqın axınlarının əlamətlərinin olmadığını, lakin ölkənin baş
verə biləcək dəyişikliklərə hazır olduğunu vurğulayıb:
"Vəziyyətə nəzarət itib. 2015-ci ildəki səhvləri təkrarlamamağımız
vacibdir. Bu, qətiyyən qəbuledilməzdir," - deyə o əlavə edib.
Forssell həmçinin qeyd edib ki, 2015-ci ildən İsveçdə miqrasiya qanunvericiliyi sərtləşdirilib. Belə ki, müvəqqəti yaşamaq icazəsi normaya çevrilib və qaçqınların ailə birləşməsi üçün tələblər gücləndirilib.
Bənzər qərarlar əvvəlcə Almaniya, Danimarka və Avstriyanın Miqrasiya Xidmətləri tərəfindən qəbul edilib. Məlumatlara görə, yaxın gələcəkdə digər Avropa ölkələrinin də bu istiqamətdə addımlar atacağı gözlənilir.