Bakı. Trend:
Cənubi Koreyanın Çolla-Namdo əyalətində yerləşən Muan hava limanında baş verən təyyarə qəzası nəticəsində 177 nəfərin həyatını itirdiyi təsdiqlənib.
Trend “Yonhap”a istinadən xəbər verir ki, itkin düşənlərin sayı 2 nəfərə enib.
Daha əvvəl 176 nəfərin həlak olduğu, 3 nəfərin itkin düşdüyü və 2 nəfərin isə xilas edildiyi bildirilmişdi.
Qeyd edək ki, Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Banqkokdan uçurdu. Təyyarənin göyərtəsində 175 sərnişin (173 Cənubi Koreya vətəndaşı və 2 Tailand vətəndaşı) və 6 ekipaj üzvü olub. Cənubi Koreya hakimiyyəti hesab edir ki, iki nəfər sağ qalan istisna olmaqla, təyyarədə olanların hamısı həlak olub.
İlkin versiyaya görə, qəza şassinin quşlarla toqquşması nəticəsində nasaz olması səbəbindən baş verib. Ekipaj təyyarəni gövdə üzərinə endirməyə çalışıb, lakin təyyarə sürəti azalda bilməyib və uçuş-enmə zolağının sonunda olan konstruksiyaya çırpılıb, bu da yanğına səbəb olub.
Cənubi Koreyanın prezident vəzifəsini icra edən baş nazir Çxve San Mok, baş vermiş təyyarə qəzasına görə Muan bölgəsini xüsusi fəlakət zonası elan edib. Bu qərar dövlət yardımlarının ayrılmasına imkan yaradacaq.