Bakı. Trend:
Ötən ay dünyada müşahidələrin aparılmağa başladığı dövrün ən isti yanvar ayı kimi tarixə düşüb.
Trend xəbər verir ki, bu barədə BBC-də məqalə dərc olunub.
Alimlər Sakit okeanda “El Ninyo” effektinin (Sakit okeanın şərq hissəsinin tropiklərdəki səth sularının temperatur qərarsızlığı – red.) uzaqlaşması hesabına 2025-ci ilin yanvar ayının nisbətən daha sərin keçəcəyini proqnozlaşdırırdı.
Əvəzində isə, Avropa Kopernik İqlim Xidmətinin məlumatına görə, ötən ay 2024-cü ilin yanvar ayı ilə müqayisədə temperatur 0,1C daha yüksək olub.
Qlobal istiləşməyə ən çox təsir edən faktorlar planeti qızdıran qaz emissiyalarıdır. Söhbət başlıca olaraq bərpa olunmayan yanacaq növlərinin yandırılmasından havaya qalxan qazlardan gedir.
“Hər il rekordların təzələnməsinin və onillər ərzində istiləşmə trendinin davam etməsinin başlıca səbəbi odur ki, biz atmosferi çirkləndirən istixana qazlarının həcmini (ildən-ilə) daha da artırırıq”, - deyə NASA-nın Qodard Kosmik Tədqiqatlar İnstitutunun direktoru Qevin Şmidt BBC-ə verdiyi müsahibədə bildirib.
Son statistikaya görə, 2025-ci ilin yanvar ayı, insanların ətraf mühitə hələ ciddi ziyan vurmağa başlamadığı 19-cu əsrin sonları ilə müqayisədə 1,75 dərəcə artıb. Bu, qlobal istiləşmə baxımından kifayət qədər yüksək artım sayılır.