Bakı. Trend:
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların qrafikə uyğun olaraq azad edilə biləcəyini ehtimal edir.
Trend-in məlumatına görə, bu barədə HƏMAS öz "Telegram" kanalında yazıb.
Bildirilib ki, girovların azad edilməsi növbəti beş gün ərzində vasitəçilər tərəfindən İsraili atəşkəs sazişinin bütün şərtlərinə əməl etməyə məcbur edilməsi təqdirdə baş tuta bilər.
"HƏMAS planlaşdırılmış tarixdən tam beş gün əvvəl mübadilənin dayandırıldığını qəsdən elan edib. Bu, vasitəçilərin İsrailə təzyiq göstərməsi və onu razılaşmanın bütün şərtlərini yerinə yetirməyə məcbur etməsi, həmçinin mübadiləni vaxtında həyata keçirmək imkanı olması üçün edilib", - deyə sənəddə bildirilib.
Qeyd edilib ki, girovların azad edilməsinin təxirə salınması İsrailə "müqavilənin bütün şərtlərinə ciddi şəkildə əməl etmək" üçün "xəbərdarlıqdır".