Bakı. Trend:
Rumıniya Azərbaycandan qaz tədarükü üzrə danışıqların bərpa olunacağına ümid edir.
Bunu Trend-ə Rumıniyanın Energetika nazirliyinin dövlət katibi Pavel-Kasyan Nitulesku 2-4 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi ərəfəsində verdiyi özəl müsahibədə bildirib.
“Bu mənim Bakı Enerji Forumumda ilk iştirakımdır və mən belə bir nüfuzlu tədbirdə Rumıniyanı təmsil etmək imkanının yaradılmasına görə minnətdaram. Regionun enerji sektorunun liderlərinə edəcəyim müraciətdə mən bizim ümumi enerji təhlükəsizliyimizin gücləndirilməsinə vasitəçilik edən və enerjiresurslarının maneəsiz tədarükünü təmin edən strateji infrastruktur layihələri vasitəsilə regional əməkdaşlığın vacibdliyini vurğulayacağam”, - deyə o bildirib.
Nituleskunun sözlərinə görə, regionun təhlükəsizliyinin gücləndirilməsi üçün müvafiq infrastruktur və investisiyanın olması zəruridir.
“Bu kontekstə Rumıniya bir sıra regional təşəbbüslərdə - məsələn, “Şaquqli dəhliz” və “Yaşıl dəhlizdə” iştirak edir. Bu layihələr alternativ təbii qaz və bərpaolunan enerji mənbələrinə çıxış üçün perspektivlər açır. Buna misal kimi Gürcüstan, Rumıniya və Macarıstanın Azərabycanın “yaşıl” enerji resurslarına əlçatanlığını təmin edəcək sualtı kabel xəttini göstərmək olar”, - deyə o bildirib.
Dövlət katibi vurğulayıb ki, Rumıniya regionun enerji təhlükəsizliyini mövqeyini dəyişməz şəkildə dəstəkləyir və etibarlı tərəfdaş olaraq öz qonşuları ilə məhsuldar və vicdanlı əməkdaşlığın davam etdirilməsinə hazırdır.
“Rumıniya və Azərbaycanı uzun illərin münasibətləri birləşdirir, və son illər ərzində ölkələr təbii qaz sahəsində əməkdaşlığı möhkəmləndiriblər. Əminəm ki, bundan sonra Azərbaycan qazının müəyyən həcmlərinin Rumıniya bazarına tədarükü ilə bağlı danışıqlar bu iki ölkənin maraqlı şirkətləri tərəfindən aparılacaq”, - deyə Nitulesku diqqətə çatdırıb.
O əlavə edib ki, Rumıniya üçün qaz strateji resurs olaraq qalır və yaxın illərdə ölkənin enerji balansında yerini qoruyacaq, çevik enerji sisteminin formalaşmasına töhfə verəcək:
“Bununla yanaşı, ölkə qaz idxalından aşağı asılılıqla fərqlənir, çünki daxili tələbat əsasən yerli hasilat hesabına ödənilir”.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi
Dövlət katibi qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndiirlməsi məsələsi gələcək müzakirələrin əsas müzakirə predmetlərindən olmalıdır.
“Biz Cənub Qaz Dəhlizinin region üçün alternativ qaz mənbəyi kimi əhəmiyyətini daim vurğulayırıq. Onun genişləndirilməsi planları Rumıniya üçün strateji əhəmiyyət daşıyır, çünki xüsusilə Balkan regionunun və Cənub-Şərqi Avropanın yeni tədarükçülərə ehtiyacı var. Hesab edirik ki, bu yalnız müvafiq infrastrukturun yaradılması və yeni qaz mənbələrinin müəyyən edilməsi üçün lazım olan maliyyələşmənin təmin olunması ilə mümkün ola bilər. Məhz buna görə, bu kimi müzakirələr mütləq aparılmalıdır”,- deyə o vurğulayıb.
Nitulesku qeyd edib ki, Rumıniya Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində qaz nəqli sahəsində strateji infrastruktur layihələrinin həyata keçirilməsində iştirak edir. Bunlara BRUA qaz kəməri, Moldovaya gedən Yaşi–Unqeni–Kişinyov qaz kəməri və qonşu dövlətlərlə mövcud olan interkonnektorlar daxildir.
“Bundan savayı, Rumıniya regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş Trans-Balkan qaz dəhlizinin inkişaf etdirilməsini dəstəkləyir. Qeyd etmək istərdim ki, 2027-ci ildə hasilata başlanılması planlaşdırılan Qara dənizdəki “Neptun Deep” yatağının işlənməsi təkcə ölkəmizin enerji bazarına yox, bütövlükdə regiona müsbət təsir göstərəcək. Bu layihə Rumıniyanın enerji oyunçusu kimi mövqeyini gücləndirəcək və ölkəmizi Avropa İttifaqında ən böyük təbii qaz istehsalçısına çevirəcək”,- deyə dövlət katibi əlavə edib.
SOCAR-la əməkdaşlığın yeni üfüqləri
“Rumıniya Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ediləcək gələcək təkliflərə açıqdır”, - deyə Nitulesku bildirib.
Onun sözlərinə görə, SOCAR Rumıniya yanacaq bazarının mühüm iştirakçılarından biri sayılır.
“SOCAR-ın Rumıniyaya qoyduğu investisiyaların mühüm strateji, iqtisadi və sosial əhəmiyyəti var. Onlar Rumıniya bazarında fəaliyyət göstərən şirkətlərin şaxələndiirlməsinə təkan veriblər ki, bu da bizim enerji təhlükəsizliyimizi gücləndirmiş olub”, - deyə Nitulesku qeyd edib.
O həmçinin vurğulayıb ki, SOCAR-ın fəaliyyəti yüzlərlə iş yerinin yaradılmasına kömək edib, yanacaqdoldurma məntəqələri və infrastruktur sahəsindəki investisiyalar isə regional iqtisadiyyatın inkişafına xidmət edib.
“SOCAR-ın Rumıniyada mövcudluğunun genişlənməsi ölkəmizin investorlar üçün cəlbediciliyindən xəbər verir. Mən şirkətin gələcək təşəbbüsləri və təklifləri barədə məlumat almaqdan məmnun olaram”, - deyə dövlət katibi əlavə edib.
X: @Lyaman_Zeyn