Bakı. Trend:
Pakistan Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Trend xəbər verir ki, bunu Pakistanın neft naziri Əli Pərviz Malik 30-cu Bakı Enerji Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Pakistan enerji sahəsində dayanıqlı inkişafa böyük önəm verir və Azərbaycanı bu prosesdə vacib tərəfdaş kimi nəzərdən keçirir.
“Biz inklüzivlik və dayanıqlı inkişaf istiqamətində irələliləmək istəyirik. Biz sənayeləşmə və bərpa olunan enerji və texnologiyaların tətbiqinə dəstək məsələsində bu keçidin davamlı inkişafını təmin etməliyik”, - deyə nazir bildirib.
O həmçinin vurğulayıb ki, Pakistan qaz infrastrukturu sahəsində, o cümlədən region ölkələrini birləşdirən boru kəmərlərinin tikintisi imkanlarını da əhatə edən birgə əməkdaşlığa hazırdır.
“Azərbaycan bizə Pakistanda qaz infrastrukturu və yataqlarının inkişafında kömək edir. Ölkəmizin enerji infrastrukturu bu sahədə işləmək üçün əlverişlidir, çünki Pakistanda 120 min kilometr uzunluğunda boru kəməri şəbəkəsi mövcuddur”, – Əli Pərviz Malik bildirib.
Nazir əlavə edib ki, Pakistan enerji resursları ixrac edən bir sıra ölkələrlə fəal danışıqları və sazişlərin imzalanmasını davam etdirir, eyni zamanda yerli hasilat və kəşfiyyatı da təşviq edir.