Bakı. Trend:
Müstəmləkəçilik sadəcə tarixi ədalətsizlik deyil, - o hələ də aktual çağırış olaraq qalmaqdadır.
Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “İmperiya strukturu: müstəmləkəçiliyinin ideologiyaları və reallıqları” mövzusunda beynəlxalq elmi konfransda etdiyi çıxışda bildirib.
“Müstəmləkəçiliyin tarixi ədalətsizlik olduğunu qəbul etmək vacib olsa da, biz onu yalnız keçmişdə qalmış bir fenomen kimi qiymətləndirməməliyik”, – deyə Abbasov vurğulayıb.
Onun sözlərinə görə, müstəmləkəçilik siyasəti bu gün də müxtəlif formalarda – istər siyasi təzyiq, iqtisadi məhdudiyyətlər, mədəni hegemonluq, istərsə də institusional bərabərsizlik şəklində özünü büruzə verir.
2023-cü ilin iyul ayında nazirlər səviyyəsində keçirilmiş görüş zamanı yaradılan BTQ müasir müstəmləkəçiliyin formalarına qarşı beynəlxalq səyləri dəstəkləməyi öz üzərinə götürüb – bu istiqamətdə tədqiqatlar, maarifləndirmə fəaliyyəti və inklüziv dialoq aparılır.
“Son iki ildə biz Qvadelupa, Mayotta, Karaka, Fransız Qvianası, Reyunion, Korsika, Martinika və bu günə qədər müstəmləkəçi idarəçilikdə qalan digər ərazilərə həsr olunmuş təxminən 30 beynəlxalq tədbir keçirmişik”, – deyə Abbasov qeyd edib.
O, bu kimi kolonial strukturların BMT Nizamnaməsi, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi və BMT Baş Assambleyasının çoxsaylı qətnamələri ilə ziddiyyət təşkil etdiyini bildirib. Abbasov birbaşa və gizli müstəmləkəçilik formalarına qarşı beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməyə, ictimaiyyətin məlumatlılığını artırmağa və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə çağırıb.
“Konfransın məqsədi – müstəmləkəçi ideologiyaların necə formalaşdığını, institusional xarakter aldığını və əsaslandırıldığını anlamaq, və ən əsası isə onların irsinin müasir dünya nizamına necə təsir etdiyini daha dərindən anlamaqdır”, – deyə Abbasov bildirib.