Bakı. Trend:
Avropa enerji keçidində Azərbaycanı etibarlı tərəfdaş hesab edir.
Trend xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunda enerji platforması və beynəlxalq əlaqələr üzrə direktor Kristina Lobillo Borrero Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı enerji keçidi istiqamətində inamla irəliləməyə davam edir və tarixində ilk dəfə olaraq ənənəvi mənbələrlə müqayisədə bərpa olunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal edib. “Bu, mühüm bir nailiyyətdir və biz dayanıqlı inkişaf və iqlim neytrallığı üzrə öhdəliklərimizi yerinə yetirməyə davam edirik”,- deyə o qeyd edib.
Borrero həmçinin vurğulayıb ki, enerji təhlükəsizliyi məsələsi, ələlxüsus geosiyasi qeyri-sabitlik şəraitində, Aİ üçün prioritet məsələ olaraq qalmaqdadır. “Bizə etibarlı tərəfdaşlar lazımdır və Azərbaycan belə tərəfdaşın bariz nümunəsidir. Bizim həm təbii qaz tədarükü, həm də bərpa olunan enerji sahəsində güclü əməkdaşlığımız mövcuddur”, – deyə o bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya enerji resurslarının idxalını tamamilə dayandırmaq niyyətindədir və bu məqsədlə qaz alımını ildə 155 milyard kubmetrdən 33 milyard kubmetrə qədər azaltmaq planlaşdırılır. Bu baxımdan, alternativ tədarükçülərlə tərəfdaşlıq və “yaşıl” enerji inkişafı Aİ-nin siyasətində əsas istiqamətlərə çevrilir.
Aİ nümayəndəsi, həmçinin beynəlxalq əməkdaşlığın, resurslara çıxış məsələlərində şəffaflığın və dayanıqlı enerjiyə investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, qlobal enerji dialoqunun qurulmasında COP29 və Bakı Enerji Forumu kimi platformaların oynadığı rolu xüsusi olaraq qeyd edib.