Bakı. Trend:
Qazaxıstanın Ekoloji Tənzimləmə və Nəzarət Komitəsinin sədri Yerbolat Kojikov “Kazaxtelekom” SC və “Caspinet B.V.” şirkətinin nümayəndələri ilə görüşdə Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin (VOLS) inşası üzrə beynəlxalq layihəni müzakirə edib.
Trend Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı layihənin icra mərhələləri, ekoloji icazə prosesi və ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri nəzərdən keçirilib.
Yerbolat Kojikov bildirib ki, layihənin planlaşdırılması və icazələrin alınması mərhələsində hər hansı sual yarandığı təqdirdə Komitə müvafiq məsləhətlər verməyə hazırdır.
Xatırladaq ki, 2023-cü ildə “AzerTelecom” və “Kazaxtelekom” şirkətləri Xəzərin dibindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Trans-Xəzər optik lifli rabitə xəttinin inşası və istismarı üçün birgə müəssisə yaratmaq barədə saziş imzalayıblar.
Bu xətt gələcəkdə Avropa və Asiya arasında yeni rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsi olacaq.