Budapeşt. Trend:
TDT əməkdaşlıq üçün getdikcə daha çox tələb olunan bir platformaya çevrilir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyarto Budapeştdə təşkilatın qeyri-rəsmi sammiti çərçivəsində keçirilən Xarici işlər nazirləri şurasının iclasında çıxışı zamanı deyib.
“Məhz buna görə bu təşkilatın fəaliyyətində çox sayda ekspert iştirak edir və elə buna görə də onun formatı digər təşəbbüslərdə tətbiq olunması üçün nümunə kimi dəyərləndirilir.
Hal-hazırda TDT səmərəli fəaliyyət göstərən bir təşkilatdır. Bu isə ona görə mümkün olub ki, bəzi üzv dövlətlər qərar qəbulunu təxirə salmağa və ya fəal iştirakdan çəkinməyə meylli deyillər,” – deyə o bildirib.
XİN rəhbəri əlavə edib ki, V4 (Vişeqrad qrupu) heç də az uğurlu struktur deyil.
“Biz məhsuldar V4 forumları keçiririk və açığı, bu forumlar olduqca cəlbedicidir – bir çox ölkələr azından bu forumlarda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər”, – Peter Siyarto vurğulayıb.