Bakı. Trend:
İsrailin Gürcüstandakı səfirliyi son hadisələrlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Trend xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat verilib.
Bildirilib ki, səfirlik tam bağlanıb və bütün konsulluq xidmətləri dayandırılıb.
“Son hadisələrlə əlaqədar səfirlik bağlanıb və konsulluq xidmətləri mövcud olmayacaq. Yeniliklər üçün səfirliyin internet saytına daxil olun”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.