Bakı. Trend:
Almaniyanın Münhen şəhərinin şimal hissəsində baş verən partlayış nəticəsində bir kişi həlak olub, daha bir nəfər isə odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Trend bu barədə Almaniya KİV-ə istinadən xəbər verir.
Hadisə Lerxenauer-ştrasse küçəsində baş verib, ərazi polis tərəfindən nəzarətə alınıb, sakinlərə və sürücülərə həmin hissədən yan keçmələri tövsiyə olunub. Əraziyə polis, yanğınsöndürənlər, xüsusi təyinatlı dəstələr və minaaxtaranlar cəlb edilib.
Hadisə şahidləri jurnalistlərə partlayışlardan əvvəl atəş səsləri eşitdiklərini bildiriblər. Hadisənin dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib, lakin mənbələr onun məişət zəminində baş vermiş ola biləcəyini istisna etmirlər.
XXX
10:10
Almaniyanın Münhen şəhərində partlayışlar baş verib. Hal-hazırda şəhərin polis və yanğınsöndürənləri hadisə yerlərinə səfərbər olunublar.
Trend bu barədə Almaniya KİV-ə istinadən xəbər verir.
Hüquq mühafizə orqanları sakinlərin insidentin yaşandığı ərazidən uzaq durmağa çağırıb. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur. Hadisənin təfərrüatları haqda məlumat verilmir.