Bakı. Trend:
Ötən gecə Günəşdə “M” sinfindən olan ardıcıl 3 güclü partlayış baş verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın saytında yer alan materiallara görə, dekabrın 29-na keçən gecə Günəşdə üç “M” sinifli alışma qeydə alınıb. Alışmalar Bakı vaxtı ilə 01:03-dən 01:23-dək (maksimumu 01:13-də), 02:01-dən 02:54-dək (maksimumu 02:39-da olmaqla M4.2 balına çatıb ki, bu da dekabrın 28-nə keçən gecə baş vermiş partlayışlar bir qədər zəifdir), həmçinin 03:57-dən 04:07-dək (maksimumu 04:02-də) davam edib.
Bundan əlavə, Günəşdə nisbətən zəif “C” sinfinə aid daha üç alışma da müşahidə olunub.
Qeyd edək ki, Günəş partlayışları və ya alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 sinfi Yer orbitində kvadrat metrə 10 nanovatt gücündə şüalanmaya uyğun gəlir. Hər növbəti sinfə keçiddə güc on dəfə artır. Alışmalar adətən Günəş plazmasının atılması ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
