Bakı. Trend:
İtaliya dağlarında bir həftə ərzində 13 alpinist, xizəkçi və yürüşçü həlak olub. Onlardan 10-u qar uçqunları nəticəsində həyatını itirib. Bu hadisələr Qış Olimpiya yarışlarının start götürdüyü vaxta təsadüf edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Son qar çovğunları zamanı yağan təzə qar Fransa, İsveçrə və Avstriya sərhədləri boyunca uzanan bütün Alp qövsü ərazisində xüsusilə təhlükəli şərait yaradıb.
“Belə şəraitdə təkcə bir xizəkçinin keçidi və ya qarın öz ağırlığından yaranan təbii yüklənmə belə, qar uçqununa səbəb ola bilər,” – deyə İtaliya Alp Xilasetmə Korpusunun sözçüsü Federiko Kataniya bildirib.
Qar uçqunları nəticəsində baş verən ölümlər nəzarətdə saxlanılan olimpiya məkanlarından kənarda qeydə alınıb.
“İdarə olunan xizək kurortlarında xizək sürən insanlar üçün heç bir təhlükə yoxdur və xüsusilə olimpiya obyektləri üçün risk mövcud deyil,” – deyə Kataniya vurğulayıb.
