...

Fransa prezidenti: Liviya ilə silah satışına dair danışıqlar tam şəffaf olub

Dünya xəbərləri Materials 6 Avqust 2007 19:47 (UTC +04:00)

Fransa, Strasburq, / Trend müxbir A.Məhərrəmli/ Fransa prezidenti Nikola Sarkozi avqustun 5-də tətil üçün getdiyi Amerikanın Vulfboro (Wolfbooro) qəsəbəsindən Avropanın EADS (Aviasiya və müdafiə sahəsində ixtisaslaşmış sənaye qrupu) sənaye qrupu ilə Liviya arasında imzalanan silah satışına dair müqaviləyə aydınlıq gətirib. O bunun Tripolidə saxlanılan bolqar tibb bacılarının azad olunmasından əvvələ təsadüf etdiyini və danışıqların 18 aydır davam etdiyini bildirib.

"18 aydır müzakirə olunan bu müqavilə tam şəffaf olub"- deyə o keçən həftənin cümə axşamından tətildə olduğu Vulfboro qəsəbəsi bələdiyyəsinin qarşısında keçirdiyi mətbuat konfransında təsdiq edib. EADS sənaye qrupunun bununla bağlı 18 aydır müzakirələr apardiğini qeyd edən Fransa prezidenti, Liviyaya qarşı artıq nə açıq, nə də güman edilən embarqonun olmadığını xatırladıb. "Bir ölkə normallaşmaya doğru gedirsə və terrorizmdən imtina edirsə, mən həmin ölkənin demokratikləşməsinə yardım etməyi üstün tuturam"- deyə o təkid edib.

Fransa prezidenti bu mübahisələrin əsassız olduğunu qeyd edib. "Mənə müqavilələr əldə etməyimə və ya fransız müəssisələrinin işləməsini təmin etdiyimə görə irad tutacaqlar?"- deyə o, 20 yə yaxın fransız və əcnəbi jurnalistlərin qarşısında bildirib

Qeyd edək ki, bu müqavilənin imzalanmasının Liviya tərəfindən fələstin mənşəli bolqar həkim və beş tibb bacısının azad olunmasından az sonra açıqlanması Fransa müxalifətində şübhələr oyatmışdı. Hökuməti " şəffaflığı " təmin etməməkdə ittiham edən müxalifətdə olan Sosialist partiyası bəyan edib ki, tibb bacılarının azad olunması Parislə Tripoli arasında gizli sövdələşmənin mövzusu olub. Bu məsələ ətrafında hökm sürən ziddiyyətlər keçən həftənin cümə günü Tripoli tərəfindən EADS qrupu ilə 168 milyon avro dəyərində Milan tipli tank əleyhinə raketlərin və 128 milyon avro məbləğində kommunikasiya sistemlərinin alınmasına dair müqavilələrin imzalanmasının açıqlanmasından sonra daha da şiddətlənib. Bu arada keçən çərşənbə günü Liviya prezidenti Muəmmər Qəzzafinin oğlunun avqustun 1-də Fransanın " Le Monde " qəzetinə verdiyi müsahibədəki açıqlamalar məsələ ətrafında çaşqınlığın yaranmasına səbəb olub. Qeyd edək ki, sözü gedən müsahibədə o, Tripoliyə silah satışının bolqar həkimlərin taleyi ilə bağlı aparılan danışıqların əsasını təşkil etdiyini bildirmişdi. Lakin avqustun 4- də AFP- yə verdiyi açıqlamada o, EADS qrupu ilə silah satışına dair müqavilənin imzalanmasının bolqar həkimlərin azad olunmasına " qarışıqlıq " olmadığını bildirib. " Mən bolqar həkimlərin azad olunması və Liviyanın Milan tipli raketlərin alınmasının bir-biri ilə əlaqəli olduğunu deməmişəm " - deyə o bildirib. Liviya prezidentinin oğlu habelə bununla bağlı danışıqların hələ 18 aydır davam etdiyini təsdiq edib. " Parislə Tripoli arasında nüvə sahəsində əməkdaşlığa dair danışıqlara gəldikdə isə, onlar hələ 2004 -cü ildə Fransanın keçmiş prezidenti Jak Şirakın (Jacques Chirac) Liviyaya səfərindən əvvəl başlayıb "- deyə o əlavə edib. Xatırladaq ki, Nikola Sarkozinin iyulun 25 -də Liviyaya səfəri çərçivəsində mülki nüvə sahəsində əməkdaşlığa dair memorandum və müdafiə və müdafiə sənayesi sahəsində müqavilə imzalanıb.

Onu da qeyd edək ki, Sosialist partiyası bolqar həkimlərin azad olunmasının əsl səbəbləri və silah satışına dair müqavilələrlə bağlı araşdırma aparılmasını təmin etmək üçün parlament təhqiqat komissiyasının yaradılmasını tələb edirdi. Cümə günü Yelisey sarayının baş katibi Klod Qean - da (Claude Gueant) cümə günü "Le Fiqaro" qəzetinə vediyi müsahibədə yuxarıda qeyd olunan məsələlərə aydınlıq gətirib və parlament təhqiqat komissiyasının yaradılmasına müsbət yanaşdıqlarını bildirib. Sözü gedən komissiyanın sentyabr ayında yaradılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti