Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanı təmsil edən nümayəndə heyəti noyabrın 28-dən dekabrın 1-nə qədər İtaliyada səfərdə olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, SAM-ın direktoru Fərhad Məmmədov, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Azər Kərimli, millət vəkili Rüfət Quliyev, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev olacaq.
Noyabrın 28-də İtaliya Prezidentinin diplomatik müşaviri, səfir Stefano Stefanini ilə görüş planlaşdırılır. Noyabrın 29-da İtaliya parlamentində "İtaliya - Azərbaycan münasibətlərinin 20 ili" mövzusunda konfrans təşkil olunacaq, daha sonra Deputatlar Palatasının sədri Gianfranco Fini ilə görüş keçiriləcəkdir.
Nümayəndə heyəti noyabrın 30-da Bruno Kessler Fondunun təşkil etdiyi "Cənubi Tirol muxtariyyəti Post Sovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi?" mövzusunda konfransda iştirak etmək üçün Trentoya səfər edəcək.
Trentoda Azərbaycan nümayəndə heyətinə SAM-ın direktor müavini Gülşən Paşayeva, aparıcı elmi işçisi Kamal Makili-Əliyev və Qafqaz Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev də qatılacaq.
Konfransda Trento əyalətinin qubernatoru və Trentino-Alto Adige/Cənubi Tirol regionunun Prezidenti Lorenzo Dellai açılış nitqi ilə çıxış edəcək. Azərbaycan nümayəndə heyətindən Elnur Aslanov və Gülşən Paşayevanın məruzə ilə çıxışları nəzərdə tutulub. Fərhad Məmmədov, Kamal Makili-Əliyev və Fərhad Mehdiyevin müzakirələrdə iştirakı planlaşdırılır.