Bakı.Trend:
Goranboy rayonunda ölümlə və xəsarətlərlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə iyunun 8-də saat 13:00 radələrində baş verib.
Belə ki, 1953-cü il təvəllüdlü Goranboy rayon sakini Səməndər Yunis oğlu Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Səmədəbad–Əhmədabad avtomobil yolunun Goranboy rayonunun Səmədabad kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun əks istiqamətinə çıxıb. Nəticədə avtomobil qarşıdan gələn, 1940-cı il təvəllüdlü Goranboy rayon sakini Şahbaz İsmayıl oğlu Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Qəza zamanı “VAZ 2106”nın sürücüsü Şahbaz Qarayev və “VAZ 2107”də sərnişin olan, 1969-cu il təvəllüdlü Goranboy rayon sakini Rza Yəhya oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü Səməndər Cəfərov sağ bazu sümüyünün sınığı xəsarəti alıb. Bundan başqa, “VAZ 2106”da sərnişin olan 1942-ci il təvəllüdlü Gülarə Məhəmməd qızı Hüseynova sol bud sümüyünün sınığı, “VAZ 2107”də olan sərnişinlər – 1994-cü il təvəllüdlü Gülsanə Fehruz qızı Tağıyeva hər iki baldır sümüyünün, 1967-ci il təvəllüdlü Mətanət Yəhya qızı Əliyeva isə sol baldır sümüyünün sınığı xəsarətləri alıblar.
Faktla bağlı istintaq aparılır.
