...

Azərbaycanın Birinci vitse-prezidenti Bilgəhdəki inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 1 Mart 2017 19:48 (UTC +04:00)
Mehriban Əliyeva bu gün Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycanın Birinci vitse-prezidenti Bilgəhdəki inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Yenidənqurma işləri çərçivəsində məktəbin həyətində geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb. Həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulub, balacaların istirahətinin mənalı təşkili üçün əyləncə-istirahət guşələri yaradılıb.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və ölkəmizi Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin "Rəşadətli Azərbaycan Ordusu" fotostendi də var.

Bu məktəb 1961-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra şəhadətnamə alırlar.

Azərbaycanın Birinci vitse-prezidenti məktəbin animasiya studiyasında oldu. Burada uşaqlara kadrların hərəkət qaydaları, ssenari yazmaq, onu kadrlaşdırmaq, montaj işi və animasiyanın digər sirləri öyrədilir. Bildirildi ki, buradakı uşaqların işlərinin gələcəkdə beynəlxalq səviyyədə tanıdılması və müsabiqələrdə iştirakı nəzərdə tutulur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların hazırladığı animasiya filminə baxıb.

Xüsusi təhsil proqramları ilə yanaşı, şagirdlər məktəbin tədris emalatxanalarında tikiş, naxışvurma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Şagirdlər, həmçinin məktəbdə "Bacarıqlı əllər" və rəsm dərnəklərində məşğul olurlar. İnternat məktəbində təsviri incəsənət kabineti də fəaliyyət göstərir. Bununla yanaşı, çətin həyat şəraiti olan ailələrdən 114 uşaq günərzi mərkəzə cəlb edilib. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.

Şagirdlər Azərbaycanın Birinci vitse-prezidentinə xatirə hədiyyəsi təqdim ediblər.

Sonra xatirə şəkli çəkdirilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə məktəbin yataq və tədris korpusu əsaslı təmir edilib və müasir avadanlıqlarla təchiz olunub. Heydər Əliyev Fondunun prezidenti həmin il təmirdən sonra məktəbin açılışında, həmçinin kimsəsiz məzunlar Nərgizlə Vüqarın və Ceyranla Fərhadın məktəbdə keçirilən toy məclisində iştirak edib. 2013-cü ildə isə Fondun vitse-prezidenti Leyla Əliyeva internat məktəbində olub. 2004-2005-ci tədris ilindən internat məktəbinin nəzdində ümumtəhsil sinifləri açılıb və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, çətin həyat şəraitində və risk qrupuna daxil olan ailələrin uşaqları da təhsilə cəlb edilib. Hazırda müəssisədə 787 nəfər şagird ümumtəhsil siniflərində biliklərə yiyələnir. İnternat məktəbi Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdə də fəal iştirak edir. 2016-2017-ci tədris ilindən "Sağlam təhsil - sağlam millət" layihəsi çərçivəsində müəssisədə bir "Sağlam təhsil sinfi" yaradılıb.

Əsaslı yenidənqurma işləri çərçivəsində internat məktəbinin tədris korpusu da müasir səviyyədə təmir edilib. Burada Ulu Öndərin büstü qoyulub, fizika, kimya, biologiya laboratoriyaları şagirdlərin ixtiyarına verilib. Korpusun kitabxanası, dərs və kompüter otaqları, həmçinin idman zalı da müasir səviyyədə qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti