Bakı. Samir Əli - Trend:
Dünəndən başlanan güclü yağışla bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti yollardakı vəziyyəti nəzarətə götürüb. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, yağışla əlaqədar hələlik yol təsərrüfatında problem yaranmayıb: "Əməkdaşlarımız hazırda bu işə səfərbər olunub, yollar nəzarətdə saxlanılır. Avtomobil yollarının yağış sularından təmizlənməsi, asfalt örtüyünün su ilə dolmasının qarşısının alınması üçün yollardakı yağış barmaqlıqlar təmizlənib. Hazırda yağış sularının ötürülməsində problem yoxdur. Yağış sularının gətirə biləcəyi zibillərin yağış barmaqlıqları tutmasının qarşısının alınması məqsədilə yol təsərrüfatının səfərbər olunan işçiləri tərəfindən hazırda yağış barmaqlıqlara baxış keçirilir. Hələlik yol təsərrüfatında bununla bağlı problemlər yaranmayıb".
Paytaxtın Ziya Bünyadov prospektində yağış sularının avtomobillərin hərəkətinə problem yaratmasına gəlincə isə Anar Nəcəfli bildirib ki, bu problem yol təsərrüfatına aid deyil.
Onun sözlərinə görə, yolların kənarlarındakı yağış barmaqlıqlarının suyu sonda mərkəzi kollektora qoşulur və ola bilsin ki, həmin kollektor da yağış sularını tam qəbul edə bilmir, nəticədə belə problem yaranır. Həmin mərkəzi kollektor isə "Azəravtoyol" ASC-nin nəzarətində deyil.