İlin sonunadək Smart System Technology Azərbaycan İpoteka Fondunda Smart Bank avtomatlaşdırılmış bank sisteminin tətbiqi layihəsi üzərində işləri başa çatdıracaq. Bu barədə Trend ə şirkətin marketinq şöbəsinin müdiri Sübhan Qaragöz məlumat verib.
Oracle IBİS platformasının bazasında Azərbaycan dilində yaradılmış Smart Bank avtomatlaşdırılmış bank sistemi 11moduldan ibarətdir: "Əməliyyat günü", "Kredit", "Qiymətli kağızlar", Analiz", "Hesabatlar", "Balansdan xaric hesabatlar", "Yerli və xarici pul köçürmə sistemləri ilə avtomatik mübadilə", "Əsas vəsaitlər", "Əmək haqqı", "Kadrlar" və "Sistemli administrasiya".
Onun sözlərinə görə, hazırda layihə çərçivəsində işlərin böyük hissəsi yerinə yetirilib. Fondun fəaliyyətinə dair hesabatların yeni forması hazırlanır və lazım gəldikcə, tətbiq olunur. "Qiymətli kağızlar" istinsa olmaqla, sistemin bütün modulları hazırlanıb. "Bu modul üzərində işlər ilin sonunadək başa çatacaq", - deyə şirkətin nümayəndəsi vurğulayıb.
Oracle korporasiyasının rəsmi tərəfdaşı olan Smart System Technology 1999-cu ilin noyabrında təsis olunub və bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, mürəkkəb informasiya sistemlərinin işlənməsi xidmətləri, İnternet xidmətləri, bank və maliyyə sahəsində konsaltinq xidmətləri, müasir kommunikasiya avadanlığının satışı və s. ilə məşğul olur.