Azərbaycan Xəzərdə ən yüksək ekoloji standartlara əməl etməyə çağırır - ekologiya naziri

Energetika Materials 28 Fevral 2011 16:30 (UTC +04:00)
"Transxəzər boru kəmərlərinin ekoloji aspektləri" beynəlxalq konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xəzərdə ən yüksək ekoloji standartlara əməl olunmasına çağırıb.
Azərbaycan Xəzərdə ən yüksək ekoloji standartlara əməl etməyə çağırır - ekologiya naziri

Türkmənistan, Aşqabad, 28 fevral /Trend, müxbir H.Həsənov/

Bazar ertəsi Aşqabadda öz işinə başlayan "Transxəzər boru kəmərlərinin ekoloji aspektləri" beynəlxalq konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xəzərdə ən yüksək ekoloji standartlara əməl olunmasına çağırıb.

"Biz təkcə neft-qaz layihələrinin həyata keçirilməsi üçün deyil, həm də bu sahədə ən yüksək ekoloji standartlara riayət etmək üçün əlimizdən gələni etməliyik", - o deyib.

Bununla yanaşı, nazir əlavə edib ki, Xəzər dənizi daima öz təbii resurları ilə məşhur olub və sahilyanı dövlətlərin iqtisadiyyatları üçün bu resursların əhəmiyyəti artmaqda davam edir.

"Enerji resurslarının işlənməsi zamanı əsas vəzifə istehsalat prosesləri ilə ətraf mühitin mühafizəsi arasında balansa riayət olunmasıdır, - Bağırov qeyd edib. - Xəzərin ekoloji sisteminin xüsusiyyətləri, onun unikallığı bu ölkələrin iqtisadiyyatlarının idarə olunması strategiyasına müvafiq tələbləri müəyyən edir. Xəzəryanı dövlətlərin karbohidrogen xammalının mənimsənilməsi prosesi bu ölkələrin firavanlığının artması ilə bilavasitə əlaqəlidir".

Nazirin sözlərinə görə, son illər ərzində vəziyyətin təhlili nümayiş etdirir ki, Xəzərin ekologiyası ilə bağlı vəziyyət yaxşılaşıb, çünki sovet iqtisadiyyatının yerinə daha müasir istehsal gəlib.

"Neft-qaz sənayesində tətbiq olunan texnologiyalar əsaslı şəkildə dəyişməyə başlayıb", - o deyib. Bağırov müsbət amillərdən biri kimi Xəzərdə müvafiq sahədə müasir texnologiyalara və yüksək standartlara malik iri beynəlxalq şirkətlərin meydana çıxdığını qeyd edib.

Nazir onu da bildirib ki, Azərbaycanda iri təmizləmə qurğularının yenidən qurulması və bərpasına milyardlarla sərmayələr qoyulur ki, bu da Xəzər dənizinin çirklənməsini qarşısını alır.

Aşqabad forumunun işində dünyanın iyirmi ölkəsindən təxminən 300 nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinin tərkibinə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) nümayəndələri də daxildir.

Xəbər lenti

Xəbər lenti