Azərbaycan, Bakı, 8 fevral /Trend/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarında apardığı monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə yanvar ayının III ongünlüyü üçün növbəti monitorinqi həyata keçirib.
Yanvar ayının III ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının II ongünlüyünə nisbətən saniyədə 14 kubmetr artaraq 138 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 67,5 kubmetr olub.
Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,85-7,19 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.