Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Bu barədə Trend-ə bazar ertəsi nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Mart ayının III ongünlüyündə Kür çayında suyun sərfi mart ayının II ongünlüyünə nisbətən saniyədə 2 kubmetr azalaraq 343 kubmetr təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3 , mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 210 kubmetr olub.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,83-8,31 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.