Azərbaycan, Bakı, 7 aprel /Trend/
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) bir qrup iştirakçısı ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Əfqanıstan, Litva, Makedoniya, Polşa və Taylanddan gəlmiş müəllim və şagirdlər iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunmuş beynəlxalq layihə olimpiadasının 2007-ci ildən başlayaraq hər il ənənəvi olaraq keçirilməsini yüksək qiymətləndirib.
Nazir tədbir iştirakçılarına Azərbaycanın tarixi, ekoloji problemlərin həlli istiqamətində ardıcıl və səmərəli tədbirlərin həyata keçirilməsi, ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması, çirklənmiş torpaqların təmizlənməsi və digər görülmüş işlər barədə məlumat verib.
Görüşdə iştirak edən olimpiada iştirakçıları isə Bakı şəhərinin onlarda xoş təəssüratlar yaratdığını, burada olduqlarından məmnunluq hissi keçirdiklərini bildiriblər və ətraf mühitin mühafizəsi ilə bağlı olimpiadaya təqdim etdikləri layihələr barədə danışıblar.
Sonda nazir olimpiada iştirakçılarına uğurlar arzulayıb. Görüş iştirakçılarına hədiyyələr təqdim olunub.