Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/
2011-ci ilin fevral və mart ayları ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 164 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
Ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 134, havadan gələn kəskin qoxu ilə bağlı 4, məişət tullantılarının qalaqlanması ilə bağlı 6, səs-küylə əlaqədar isə 1 müraciət daxil olub.
Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən araşdırılaraq 9 şikayət üzrə fakt təsdiqlənib və qanunamüvafiq tədbirlər görülüb, 12 müraciət isə öz təsdiqini tapmayıb.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 134 müraciətdən 131-nə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 3 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi və səs-küylə əlaqədar daxil olmuş 11 müraciətdən 5-i ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. 6 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Qaynar xətt" rabitə əlaqəsi (439-18-63, 438-13-35) 2002-ci ildən etibarən fəaliyyət göstərir.
Ekologiya Nazirliyinin "Qaynar xətt"inə son 2 ayda 164 müraciət daxil olub
2011-ci ilin fevral və mart ayları ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 164 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.