Azərbaycan, Bakı, 9 aprel /Trend/
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağacəkmə ilə bağlı iməclik keçiriblər. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iməclik Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 14-cü kilometrliyində təşkil olunub.
İməcilikdə e kologiya və təbii sərvətlər naziri başda olmaqla, nazirliyin əməkdaşları ilə birgə "Yaşıl Bakı" İctimai Birliyinin üzvləri də iştirak edərək, 4 hektar sahədə 3000 ədəd sərv və zeytun ağacları əkiblər.
Ağacəkmə ilə bağlı iməciliklər respublikanın bütün yerli meşə təsərrüfatlarında, o cümlədən Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.
Nazirlik ölkə ərazisində ağacəkmə aksiyalarını davam etdirir və bunun respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq, digər dövlət və qeyri-dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.