Azərbaycan, Bakı, 13 aprel/Trend, müxbir M.Əliyev/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kür və Araz çaylarında aparılan monitorinqin nəticələrini açıqlayıb. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 133 kubmetr (38 faiz) artaraq saniyədə 476 kubmetr təşkil edib.
Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVHQ-ni keçib.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi martın III ongünlüyü ilə müqayisədə təxminən 100 kubmetr azalaraq saniyədə 116 kubmetr təşkil edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,91-7,89 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.