Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 22 aprel - Beynəlxalq Yer Günündə ağacların əkilməsi, yaşıllıqlara qulluq edilməsi tədbirləri həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.
Həmin gün təhsil müəssisələrində ekoloji təbliğat xarakterli "dəyirmi masa"lar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışların təşkil edilməsi də nəzərdə tutulur.
Nazirlik ictimaiyyət nümayəndələrini Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə fəal iştiraka çağırır.
Yer Günü planetin bütün guşələrindəki insanlara bizim ümumi böyük evimizə təşəkkür etməyə, Yer kürəsinin ekoloji sisteminin həssaslığına bəşəriyyətin diqqətini cəlb etməyə imkan verir.
Həmin gün ilk aksiya 1970-ci ildə ABŞ-da keçirilib. Məşhur ABŞ siyasətçisi və senator Geylord Nelson ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə tələbələrdən ibarət işçi qrup yaradıb.
2009-cu ildə BMT Baş Assambleyası 22 apreli Beynəlxalq Yer Günü elan edib.
Ənənəyə görə, həmin gün bütün arzusunda olanlar öz həyət və küçələrinin abadlaşdırılmasında və yaşıllaşdırılmasında, müxtəlif ekoloji tədbirlərdə iştirak edirlər.