Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 22 aprel - Yer Günündə ağacların əkilməsi, yaşıllıqlara qulluq edilməsi tədbirləri həyata keçirilib. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirlik ölkənin bütün yerli meşə təsərrüfatlarında, həmçinin Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında iməciliklər təşkil edib.
Həmin gün təhsil müəssisələrində ekoloji təbliğat xarakterli "dəyirmi masa"lar, görüşlər, seminar məşğələlər, mətbuatda çıxışlar təşkil edilib.
Nazirlik əməkdaşları Yer Günü ilə əlaqədar digər təşkilatların da təşkil etdiyi tədbirlərdə iştirak ediblər.
Yer Günü planetin bütün guşələrindəki insanlara ümumi böyük evimizə təşəkkür etməyə, Yer kürəsinin ekoloji sisteminin həssaslığına bəşəriyyətin diqqətini cəlb etməyə imkan verir.
Həmin gün ilk aksiya 1970-ci ildə ABŞ-da keçirilib. Məşhur ABŞ siyasətçisi və senator Geylord Nelson ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə tələbələrdən ibarət işçi qrupu yaradıb.
2009-cu ildə BMT Baş Assambleyası 22 aprel tarixini Beynəlxalq Yer Günü elan edib.
Ənənəyə görə, həmin gün bütün arzu edənlər öz həyət və küçələrinin abadlaşdırılmasında və yaşıllaşdırılmasında, müxtəlif ekoloji tədbirlərdə iştirak edirlər.