Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/
İyunun 6-8-də yaşıl iqtisadiyyat üzrə Azərbaycan-Latviya Biznes Forumu keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, Forumun işində Latviya Respublikasının ətraf mühit və regional inkişaf naziri Raymonds Veyonis, həmçinin Latviyanın ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Forumda Azərbaycan və Latviya arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq məsələləri, eyni zamanda, Azərbaycanın yaşıl iqtisadiyyata keçidi ilə bağlı yeni texnologiyaların tətbiqi sahəsində müzakirələrin aparılması nəzərdə tutulur.
Forum çərçivəsində hər iki ölkənin ətraf mühitin mühafizəsi sahəsində çalışan şirkətlərinin nümayəndələri arasında fikir və təcrübə mübadiləsi aparılacaq, müasir və qabaqcıl texnologiyalar, həmçinin Latviya və Azərbaycan şirkətlərinin bu sahədə gördüyü işlər nümayiş etdiriləcək.
2009-cu ilin 25-28 iyun tarixlərində Latviyanın ətraf mühit naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş" imzalanıb.