...

Bakı-2015 Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

Baku 2015 : EUROGAMES Materials 16 May 2015 14:42 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq.
Bakı-2015 Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

Azərbaycan, Bakı, 16 may /Trend/

Bakı-2015 Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, birinci Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada nümayiş etdirilməsi məqsədilə bu gün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

Rio-2016 Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş "America Movil" şirkəti Bakı-2015 Avropa Oyunlarını filialı vasitəsilə Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Qvatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla, Latın Amerikası boyunca bütün media platformalarında yayımlamaq üçün hüquq əldə edib.

Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Məqsədimiz Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir və bu istiqamətdə növbəti önəmli addım atıldı. Soçi-2014 Qış Olimpiya Oyunlarının geniş şəkildə yayımını həyata keçirdikdən sonra Rio-2016 Yay Olimpiya Oyunlarının yayımı üçün də eksklüziv hüquqlar əldə edən "America Movil" şirkətinin idman tədbirlərinin yayımlanmasında təcrübəsi var. Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir. Beləliklə, "America Movil" şirkətinin belə mötəbər tədbirin yayımını həyata keçirməsi üçün birgə tərəfdaşlıq imkanı yaranır".

Bununla da Latın Amerikası Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ və Kanada, Hindistan, Çin, Avstraliya, Körfəz ölkələri və Avropanın sırasına qoşulur.

Claro Sports-un baş meneceri Xose Antonio Abumrad əməkdaşlıqla bağlı bunları bildirib: "Bakı-2015 ilə Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalandığını elan etməkdən böyük məmnunluq hissi duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər və biz bu cür önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın Amerikalı tamaşaçıların Bakıda baş tutan bu tədbiri izləyərək zövq alacaqlarına şübhəm yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti